Prezident Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik etdi
“Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi çatdırıram”.
Bu barədə Prezident İlham Əliyevin adından yayılan təbrik məktubunda deyilir.
Qeyd edilib ki, xalqımız taleyinin ən çətin dönəmlərində belə öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlayıb. İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunur və müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi təcəssüm etdirir.
“Builki Ramazan bayramı həm də otuz illik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır. Ümidvaram ki, mübarək bayram xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilərək cəmiyyətimizdə birliyi və həmrəyliyi daha da gücləndirəcək”, – deyə təbrik məktubunda qeyd olunub.