QAİ Mirzoyanın cavabını verdi | Ermənistan tərəfindən ziddiyyətli çıxışlar
Qərbi Azərbaycan İcması (QAİ) Ermənistandan yalan iddialar yaymağı dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların legitim tələbləri ilə bağlı substantiv dialoqa başlamağı tələb edib.
Bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub.
Bəyanatda bildirilib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın yanvarın 8-də keçirdiyi mətbuat konfransında Qərbi azərbaycanlıların qayıdış hüququnu inkar edən və məzmunca ziddiyyətli bəyanatında “Qərbi Azərbaycan” ifadəsinə irad tutması tamamilə əsassızdır:
“Ararat Mirzoyanın Ermənistanın Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış məsələsini ərazi iddiası kimi təqdim etməyə çalışması və məzmunca ziddiyyətli bəyanatında “Qərbi Azərbaycan” ifadəsinə irad tutması əsassızdır.
“Qərbi Azərbaycan” ifadəsi həmin məkanda yaşamış azərbaycanlıların özünü identifikasiya hüququ çərçivəsində istifadə etdikləri və tarixi həqiqətlərə söykənən termindir”.
İcma Ermənistanın ərazi bütövlüyünə hörmət etdiyini və qayıdışa sülh yolu ilə nail olmaq istədiyini dəfələrlə vurğulayıb:
“A.Mirzoyanın Baş nazir Nikol Paşinyanın 2023-cü il iyulun 25-də verdiyi bəyanatında olduğu kimi, azərbaycanlıların Ermənistanı “könüllü tərk etməsi” və onlara “kompensasiya ödənilməsi” ilə bağlı əsassız və bir-biri ilə ziddiyyət təşkil edən iddialarla bağlı bildiririk.
Əvvəla, kompensasiya hüquq pozuntusunun və itkilərin baş vermiş olmasının etirafı mənasına gəlir ki, bu da könüllü tərk etmə iddiası ilə ziddiyyət təşkil edir. Əgər yüz minlərlə insan cəmi iki həftə ərzində öz evlərini qışın soyuğunda kütləvi şəkildə, həqiqətən, könüllü şəkildə tərk edibsə, onda onlara niyə “təzminat” təklif edilib?”.
İcma Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququndan imtina etmələri müqabilində hər hansı formada təzminat aldıqları barədə iddianı qəti şəkildə təkzib edib:
“Ermənistan hökuməti bilməlidir ki, insanlar öz vətənlərini hansı şəkildə tərk etmələrindən asılı olmayaraq qayıdış hüququna malikdirlər və Ermənistan hökuməti Qərbi azərbaycanlıların qayıdışına imkan verməməklə insanlıq əleyhinə cinayət törədir”.