"Ermənilər özlərinə Türkmənçayoğulları deyirdilər" - QƏRBİ AZƏRBAYCAN XRONİKASI
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Verilişin budəfəki qonağı siyasi elmlər üzrə fəlsəfə doktoru Pərviz Səmədov olub. O, doğulub boya-başa çatdığı Qərbi Azərbaycanın Göyçə mahalından, Basarkeçər rayonunun Zərkənd kəndindən söhbət açıb. Bildirib ki, Qərbi Azərbaycan, o cümlədən Göyçə mahalı Cənubi Qafqazın ən qədim yaşayış məskənlərindən biridir. Onun sözlərinə görə, hətta Oğuz türklərinin əcdadı Oğuz xanın məzarı da Göyçə gölü ətrafındadır:
“Ermənilər Qərbi Azərbaycana son iki yüz il ərzində köçürülüblər. Onların bu coğrafiyada mövcud olma tarixi 1813-cü il “Gülüstan” və 1828-ci il “Türkmənçay” sülh müqavilələrindən sonraya təsadüf edir. Bunu ermənilər özləri də etiraf edirdilər. Hətta vaxtilə Azərbaycanın Qarabağ bölgəsinə gəldikləri tarixi özündə əks etdirən abidə də var idi. Sonradan onu dağıdıb tarixin izini itirməyə çalışdılar. Təsadüfi deyil ki, ermənilər özlərini Türkmənçayoğulları adlandırırlar. Bu faktın özü də onların bu coğrafiyaya gəlmə olduqlarını bir daha təsdiqləyir”.