Şərti sərhəddə baş tutan görüşün nəticələri açıqlandı
Noyabrın 30-da Azərbaycan-Ermənistan şərti sərhədində Baş nazirinin müavini Şahin Mustafayev və erməni həmkarı Mher Qriqoryanın sədrliyi altında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, hər iki ölkənin nümayəndələri delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.
Tərəflər iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi Reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar.
Bundan əlavə, Azərbaycan və ermənistan baş nazirlərinin müavinləri iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşiblər, həmçinin görüşlərin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəliblər.
Tərəflər komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə də razılığa gəliblər.