Siyasi partiyalar Prezident İlham Əliyevə müraciət ünvanladı
İndi Azərbaycan uzun tarixi dövrdən sonra Vətən müharibəsi Zəfərinin təntənəsini yaşayır. Azərbaycan ərazisində heç bir mənəvi, siyasi və hüquqi əsası olmadan yaradılan qondarma rejim böyük qələbənin nəticəsində tarixin qaranlığına qərq olub.
Bu fikirlər Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların Prezident İlham Əliyevə müraciətində qeyd olunub.
Bildirilib ki, uzun zaman ərzində böyük səbir, təmkin və iradə göstərərək Azərbaycanın daxili və xarici siyasətində Prezident İlham Əliyevin nail olduğu uğurlar ölkəmizi addım-addım Zəfər gününə, ərazi bütövlüyünün təmin olunmasına, suverenliyinə yaxınlaşdırıb.
Bu gün böyük siyasi iradənin, milli birliyin, güclü ordunun nəticəsində Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə dalğalanır. Azərbaycan Konstitusiyası bütün ölkə ərazisində vahid ana qanun kimi tətbiq olunur.
Müraciətdə vurğulanıb ki, siyasi partiyalar ölkəmizin xoşbəxt gələcəyi naminə bir daha siyasi həmrəyliyini bildirir, xalqımızın firavanlığı, dövlətimizin əbədi suverenliyi üçün Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətə dəstəyini bəyan edir.