Üçüncü Qarabağ müharibəsini kimlər və niyə arzulayır?
“Ermənistan sülhdən danışa-danışa müharibəyə hazırlaşır. Bu tezis son günlər daha çox səslənməyə başlayıb. Sadə jurnalistlər, siyasətçilər, həm də kifayət qədər məlumatlı şəxslər bu fikri müxtəlif şəkildə dilə gətirməyə, yazmağa başlayıblar”.
Bunu Baku TV-nin departament rəhbəri Turan İbrahimov bildirib.
O qeyd edib ki, Ermənistanın bu fikrə düşməsinin səbəbkarları var:
“Başda regionla bağlı qaranlıq planları olan dövlətləri – Fransanı, ABŞ-ni, İranı, hətta Rusiyanın daxilindəki müəyyən qüvvələri misal göstərmək olar. Azərbaycanın Ordusunun gücü, iqtisadi, geosiyasi gücü və yaranmış reallıqlar Ermənistanı bu cür intihara cəhd etməyə vadar edir.
Əslində, məsələ bir qədər də fərqli izah oluna bilər. Ermənistan hazırda Azərbaycanla revanşizm motivləri ilə müharibə aparmaq iqtidarında deyil. Nə qədər silahlandırılsa da, nə qədər dəstəklənsə də, hətta onun yerinə gəlib başqaları döyüşsə belə, hazırkı üstünlükləri absurd görünür”.
T.İbrahimov həmçinin bildirib ki, Ermənistanı hansısa formada gücləndirən, bu ölkəni sülhdən danışa-danışa sülhdən qaçan vəziyyətə gətirib çıxaran qüvvələrin fərqli məqsədləri var:
“Onlar Cənubi Qafqazın hazırkı birmənalı güc balansını pozmaq, Ermənistanı gücləndirməklə bu ölkə vasitəsilə Azərbaycanı regionun lideri və söz sahibi statusundan aşağı salmaq və Azərbaycanı bu və başqa şəkildə öz aləmlərində idarə etməyə çalışırlar. Buradan belə nəticə çıxarmaq olar ki, Ermənistan müharibəyə, daha dəqiq desək, sanki intihara hazırlaşır”.