Ukrayna məqsədinə çatdı? | Zelenski Rusiyanın qarşısını aldıqlarını açıqladı
Avqustun 6-dan bəri Rusiyanın Kursk vilayətində hərbi əməliyyatlar aparılmasından sonra Prezident Volodimir Zelenski ilk dəfə olaraq nəticələr barədə danışıb.
“Vacib olan odur ki, hücum planımıza uyğun gedir. Bu əməliyyatın bir neçə nəticəsi var. Amma hamısı haqqında danışa bilmərəm. Ancaq Rusiyanın şimalından bizə qarşı əməliyyatın dayandırılmasına nail olduq. Qabaqlayıcı zərbə olaraq əməliyyatımız bu tapşırığı yerinə yetirdi. Biz Sumı vilayətinin mühasirəyə alınmasının və vilayətin mərkəzi Sumı şəhərinin işğal təhlükəsinin qarşısını aldıq”, – V.Zelenski deyib.
Ukrayna Prezidenti əlavə edib ki, kimsə bu əməliyyatlara görə bufer zonadan danışır və Kursk əməliyyatının hansısa danışıqlar üçün kart rolu oynadığını deyir, amma bu belə deyil.
Ekspertlər isə fərqli düşünürlər. Məsələn, Qərb dövlətləri, ABŞ-nin silahlarından Rusiya ərazisində istifadəyə icazə verməsi Ukraynanın imkanlarını artırır. Bu isə məqsədlərin daha böyük olduğunu göstərir.
Məsələ ilə bağlı Baku TV-yə açıqlama verən hərbi ekspert Telman Qasımov bildirib ki, Ukrayna qoşunlarının Kursk istiqamətində irəliləyə bilməsi onu göstərir ki, Ukrayna bu həmləni uzun müddət hazırlayırmış:
“Sadəcə olaraq məqamı gözləyib. Təsadüfi deyil ki, Volodimir Zelenski açıqlamalarında ABŞ və Qərbi tələsdirərək veriləcək hücum silahlarını gecikdirdiklərini vurğulayırdı”.
Vəziyyət sülh danışıqları üçün çətinlik yaradıb. “The Washington Post” iddia edib ki, Kursk bölgəsindəki əməliyyat Rusiya və Ukrayna arasında gizli sülh danışıqlarının pozulmasına səbəb olub. Xatırladaq ki, V.Zelenski Kurska hücumları hərbi-diplomatik əməliyyatın bir hissəsi adlandırıb.
Qeyd edildiyi kimi, diplomatik istiqamət zərbə alıb, bəs hərbi məqsədlər necə?