"Oğluma dedim ki, əsir düşmək ehtimalın olsa..." | Şəhid müəllimin şərəfli həyat yolu - Baku TV
Oğuz rayonunun Xaçmaz kəndində dünyaya göz açan Rəvan Lətifov doğmalarının, həmkarlarının, xüsusən də şagirdlərinin yaddaşında qəhrəman müəllim kimi qalıb.
İkinci Qarabağ müharibəsi başlayan zaman sevimli şagirdlərini və 11 aylıq övladını Vətənə əmanət qoyaraq döyüşlərə qatılıb, qəhrəmancasına vuruşaraq şəhadətə ucalıb.
“Mənim dörd uşağım var. Rəvan evin sonuncu övladı idi. Səfərbərlik elan olunanda, Vətən darda olanda Şuşa harayına dözə bilmədi və Vətənin müdafiəsinə getdi. Həmin vaxt evlənmişdi, bir övladı var idi. Nəvəm atası müharibəyə gedəndə 11 aylıq idi, indi isə birinci sinifdə oxuyur.
Noyabrın 5-i ad günüm idi. Zəng edib təbrik etdi və sonuncu dəfə onun səsini eşitdim. Dedi ki, ana, bizi irəliyə aparırlar, bir daha görüşməyə, danışmaya bilərik. Mən də ona dedim, oğul, görsən ki, ermənilərə əsir düşmək ehtimalı var, özünü öldür. Şəhid olsan, dözərəm, amma əsir düşməyinə dözə bilmərəm”, – şəhidin anası Gültəkin Lətifova deyib.
