“Şəhid dayımın arzusunu reallaşdırmaq istəyirəm” - İstedadlı Nigarın xəyalı niyə yarımçıq qalıb?
Yeniliklərdən dərhal xəbərdar olun
16 yaşlı kamança ifaçısı Nigar Hacıyeva 11 ildir musiqi təhsili alır. O, artıq bir sıra respublika və beynəlxalq müsabiqələrin laureatıdır.
Milli musiqimizin təbliğinə töhfə verməyi qarşısına məqsəd qoyan Nigarın ən böyük arzusu səhnədə daha da tanınmaq və istedadını geniş auditoriyaya çatdırmaqdır. Lakin gənc ifaçı və anası bu yolda daha çox dəstəyə ehtiyac duyduqlarını bildirirlər.
“Dayım milli-mənəvi dəyərlərimizi sevdiyi, milli musiqimizə önəm verdiyi üçün mənim də bu yolda irəliləməyimi istəyirdi. Mən də onun arzusunu həyata keçirmək məqsədilə kamança alətini seçmişəm. Uğurlarım sayəsində Mədəniyyət Nazirliyinin nümayəndələri və bir sıra tanınmış şəxslərlə görüşmüşəm. Düşünürdüm ki, həmin görüşlərdən sonra istedadım dəyərləndiriləcək, daha çox tanınmağıma kömək ediləcək və dövlət tədbirlərinə dəvət alacağam. Amma təəssüf ki, gözlədiyim dəstəyi görməmişəm”, – deyə Nigar Hacıyeva bildirib.
Nigarın anası Günay Əsəd qızının səhnədə inkişaf etməyini, daha böyük uğurlar qazanmaq istədiyini deyib:
“Nigarın bizim etimadımızı doğrultması bir ana kimi mənim üçün böyük qürurdur. Sadəcə, ona dəstək olunmasını istəyirəm. Bunu bir ana, bir vətəndaş və bir şəhid bacısı kimi istəyirəm. Nigarın bu yolda əsas dəstəkçiləri demək olar ki, yalnız Əsəd və mən olmuşuq. İndi Əsəd şəhid olub, bütün yük mənim çiyinlərimə düşüb. Artıq bu yola təkcə milli dəyərimiz olan kamançanı gələcək nəsillərə ötürmək üçün deyil, həm də bir şəhidin arzusunu həyata keçirmək üçün çıxmışıq”.
