Tarixi abidənin giriş qapısına olunan müdaxilə ilə bağlı qurumdan açıqlama - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 9 ünvanında yerləşən memarlıq abidəsinin giriş qapısı əvvəlki yerinə qaytarılır.
Xatırladaq ki, Baku TV həmin binanın tarixi giriş qapısının sökülərək şüşə konstruksiya ilə əvəzlənməsi ilə bağlı çəkiliş aparmışdı.
Məsələ ilə bağlı müraciət edilən qurumların açıqlamaları isə fərqli olmuşdu.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti müdaxilənin qanunsuz olduğunu və araşdırma aparıldığını bildirmişdi.
Səbail Rayon İcra Hakimiyyəti isə qapının uzun müddət istifadə nəticəsində yararsız vəziyyətə düşdüyünü, müvafiq razılıq əsasında müvəqqəti dəyişdirildiyini açıqlamışdı.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Fariz Hüseynli Baku TV-yə açıqlamasında bildirib ki, tarixi qapının bərpası ilkin görünüşü qorunmaqla həyata keçirilir:
“2025-ci ilin may ayında abidədə bərpa işləri ilə bağlı müraciət olunub. Qanunvericiliyə uyğun olaraq layihə təsdiqlənib və tarixi qapının bərpasına razılıq verilib. 2026-cı ilin oktyabrında isə tarixi qapının sökülərək yerində şüşə konstruksiyalı qapının quraşdırıldığı müəyyən edilib. Dərhal xəbərdarlıq olunub və qapının əvvəlki yerinə qaytarılması tələb edilib”.
Qurum rəsmisinin sözlərinə görə, şüşə konstruksiyanın üzərində taxta qapı görüntüsü yaradan vinil örtüyün də götürülməsi tələb olunub.
Fariz Hüseynli qanun pozuntusu ilə bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edildiyini bildirib.
Hazırda binanın tarixi giriş qapısı ilkin görünüşü qorunmaqla öz yerində yenidən quraşdırılır.
#Səbail rayonu teqi istifadə olunub
- Səbail rayonunda tarixi abidənin giriş qapısı əvvəlki yerinə bərpa edilir - Baku TV
- Memarlıq abidəsinə müdaxilə ilə bağlı qurumlar niyə fərqli açıqlamalar verir? - Baku TV
- “Palçığa batıb, camaatın içində oturanda adam utanır” | Aidiyyəti qurumdan açıqlama - Baku TV
- “Sakinlər heç cür hərəkət edə bilmirlər” | Səbail rayonunun əhalisi niyə çətin durumdadır? - Baku TV
- "Qonşunun qapısını döyəndə qorxuram..." | Yüzdən çox yaşı olan bina qəzalı vəziyyətdə - Baku TV
