"TikTok" ABŞ və Avropanı niyə narahat edir? - Hadisələrin pərdəarxası
Yeniliklərdən dərhal xəbərdar olun
2025-ci ildən ABŞ-də Donald Tramp hakimiyyətə gəlir və bu hadisə özü ilə bərabər ölkədə mühüm dəyişikliklərə də gətirib çıxaracaq.
Bir sıra məsələlərdə məhdudiyyətlərin tətbiq ediləcəyi öncədən bəllidir. Artıq ABŞ Konqresində ilin əvvəllərindən “TikTok” platformasının qadağan edilməsi barədə qanunun müzakirəyə çıxarılacağı gözlənilir.
İddialara görə, D.Trampın bu sosial şəbəkəyə savaş açmasının əsas səbəbi onun kabinetinin Çinlə münasibətlərinin pis olmasıdır. Demokratlar Partiyası da Respublikaçılarla eyni mövqeni bölüşür və onlar da “TikTok”un bağlanması barədə çağırışlar edirlər.
“TikTok” rəhbərliyi isə bu qadağaları rədd edir. Onlar Federal Apellyasiya Məhkəməsinə bununla bağlı müraciət etsələr də, məhkəmə “TikTok”un xeyrinə qərar çıxarmayıb. Buna görə də platformaya rəhbərlik edən şəxslər mübarizəni Ali Məhkəmədə davam etdirəcəklərini bildiriblər.
ABŞ rəhbərliyini “TikTok”dan ehtiyat etməyə vadar edən bir neçə səbəb var. Birincisi, siyasi amillərdir ki, bu platformanın müxtəlif ölkələrdə Rusiya və Çinin sifarişi ilə seçkilərə müdaxilə etdiyi haqqında fikirlər səsləndirilir.
Məsələn, bu yaxınlarda Rumıniyada keçirilən prezident seçkilərinin ilk turunda bütün gözləntilərdə ölkənin hazırkı Baş naziri Marsel Çiolakunun qalib gələcəyi gözlənilsə də, ilk turun qalibi ifrat sağçı, Ukraynaya silah göndərilməsinin qatı əleyhdarı olan Rumıniya Birliyi Alyansının lideri Corc Simion olub. Seçki təbliğatı dövründə C.Simion “TikTok”dan geniş şəkildə istifadə edirdi.
Eyni zamanda bu platformada onun rəqibinə qarşı da qarayaxma kampaniyası həyata keçirilirdi. Bütün bu məsələləri Rumıniya Konstitusiya Məhkəməsi seçkiyə müdaxilə kimi dəyərləndirərək ilk turun nəticələrini ləğv etdi.
ABŞ-nin ehtiyat etdiyi oxşar hadisələrin bu ölkədə də yaşanmasıdır. İkinci məsələ isə “TikTok”da Rusiya və Çin mallarının geniş şəkildə reklam edilməsidir. D.Tramp hökuməti Avropaya ayaq açan və ABŞ mallarını bazarda sıxışdıran Çinə qarşı iqtisadi sanksiyaları nəzərdə tutur. Üçüncü vacib məsələ isə “TikTok”un son zamanlar “Facebook” və “Instagram” kimi media platformalarını üstələməsidir.
Okeanın o tayındakı müttəfiqi ilə bərabər Avropa İttifaqı da “TikTok”a qarşı sərt addımlar atılmasını nəzərdən keçirir. İttifaqda bu platformanın fəaliyyətini məhdudlaşdırmağı düşünürlər. Artıq bəzi ölkələr “TikTok”un milli və ailə dəyərlərinə zərər vurduğunu bildirərək ona qarşı sərt tədbirlərə əl atıblar.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
