"Başqa kişilərlə əlaqəsi var idi" | Ərinin qatilinə çevrilən qadın cinayəti necə ört-basdır etdi?
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin “Kriminal” verilişində 2024-cü il noyabrın 5-də Sabunçu qəsəbəsində baş vermiş ağır cinayət işindən bəhs olunub.
Həmin gün saat 22:00 radələrində Sabunçu qəsəbəsində yerləşən fərdi evdə 1986-cı il təvəllüdlü Elmira Əliyeva ilə həyat yoldaşı, 1985-ci il təvəllüdlü Samir Əliyev arasında mübahisə yaranıb. Mübahisəyə səbəb Elmiranın Türkiyənin Dənizli şəhərində yaşayan övladının yanına gedib orada qalmaq istəməsi, ərinin isə buna qəti şəkildə etiraz etməsi olub.
Qəzəblənən qadın qisas niyyəti ilə 16 kalibrli ov tüfəngindən istifadə edərək çarpayıda uzanmış Samir Əliyevin kürək nahiyəsinə atəş açıb və onu qəsdən həyatdan məhrum edib.
Həmin gecə Elmira Əliyeva cinayət izlərini itirmək üçün meyiti mələfə və çadıra bükərək həyətyanı sahədəki talvarın altında basdırıb, üzərində isə güllər əkib. Qana bulaşmış divanı, döşəyi və digər əşyaları evdən 40 metr aralıdakı zibilliyə, ov tüfəngini isə hissələrə ayıraraq dənizə atıb. O, ailə üzvlərinə ərinin mübahisədən sonra evdən çıxıb getdiyini bildirib.
Hadisədən 11 ay sonra – 2025-ci il oktyabrın 22-də cinayətin üstü açılıb. Polis əməkdaşları tərəfindən həyata keçirilən baxış zamanı göstərilən ünvanda talvarın altından kişi meyiti aşkar edilib.
İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilən Elmira Əliyeva 21 illik evlilikləri dövründə ərindən mütəmadi zorakılıq gördüyünü və narkotik vasitələrdən istifadəyə məcbur edildiyini bildirib. Lakin toplanmış sübutlar, ekspertiza rəyləri və şahid ifadələri onun özünümüdafiə iddialarını təkzib edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2026-cı il sentyabrın 11-də çıxardığı hökmə əsasən, Elmira Vidadi qızı Əliyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Cəzaçəkmə müddəti saxlanıldığı tarix olan 22 oktyabr 2025-ci ildən hesablanmaqla o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 il müddətinə azadlıqdan məhrum edilib.
#Sabunçu teqi istifadə olunub
- Gözləri yolda qalan sərnişinlər | 162 nömrəli marşrutda nə baş verir? - Baku TV
- Ərini öldürməkdə təqsirləndirilən qadına ağır cəza verildi - Baku TV
- "Ölüm yolu"nda daha bir faciə | Bu yolda niyə tədbir görülmür? - Baku TV
- "Sabunçuya baxan yoxdur!" | Antisanitar vəziyyət | "Bizə hörmət etmirlərsə, heç olmasa..." - Baku TV
- Sabunçu sakinlərinin yol və zibil problemi
