4 saylı cəzaçəkmə müəssisəsində marafon | Firuzə İskəndərova layihənin keçirilmə məqsədindən danışdı
Ədliyyə Nazirliyi Penitensiar xidməti, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, “Amal Xeyriyyə” təşkilatı və “Cəza Çəkən Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 4 saylı cəzaçəkmə müəssisəsində “V Kitabqurdu məhkum qadınların oxu marafonu” adlı layihə reallaşıb.
Mütaliə marafonuna 100-ə qədər məhkum qadın qatılıb.
“Cəza Çəkən Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri Firuzə İskəndərova bildirib ki, növbəti ildən etibarən təkcə xanımlarla deyil, eyni zamanda yeniyetmələr və kişilərlə də birgə çalışacaqlar:
“Bu layihədə birinci, ikinci, üçüncü yerə çıxanlara pul mükafatları verdik. Təbii ki, burada əsas məqsəd pul mükafatı yox, kitab oxumaqdır. 100-dən çox qadın sözügedən layihəyə qoşuldu, onlardan yalnız 4-ü mükafat qazandı. Düşünürəm ki, məhkumlar üçün keçirilən bu cür tədbirlərlə onlar həyata yenidən qayıdacaq və bir daha cəzaçəkmə müəssisəsinə girməyəcəklər”.
Qeyd edək ki, altı nəfər final iştirakçısına nəşriyyatlar tərəfindən kitab hədiyyələri təqdim olunub. Təşkilatçılar marafonun missiyasının uğurla nəticələndiyi qənaətindədirlər.