Bütün şəhər ayağa qalxmışdı | 3 uşağını qoyub müharibəyə gedən şəhid Mixail Həmidov
Baku TV-də Vətən müharibəsi şəhidi Mixail Həmidov haqqında reportaj yayımlanıb.
Oktyabrın 23-də Füzuli döyüşləri zamanı şəhid olan M.Həmidov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
Oğlu ilə bağlı xatirələrindən danışan Nüsrət Həmidova bildirib ki, Mixailin uşaqlıqdan bəri həddindən artıq Vətənə sevgisi var idi.
"Oğlum bilirdi ki, müharibə olacaq. Çünki Birinci Qarabağ müharibəsi dövründən “Atamgil torpaqlarımızı ala bilmədi, yəqin ki, bu bizim öhdəmizə düşür” deyirdi. Bir ana olaraq qürurlanıram ki, oğlum geniş ürəyi ilə ailəsini, üç uşağını qoyub, arxasına belə baxmadan müharibəyə yollandı.
Şəhid olmamışdan bir gün əvvəl zəng edəndə uşaqlarını soruşdu. Ona "Uşaqlar çox yaxşıdır, niyə narahatsan? Allah səni qorusun, sağ-salamat qayıdasan, hər şey yaxşıdır" dedim. Həmin gün də, yəni oktyabrın 22-si həyat yoldaşının ad günü idi, 23-ü səhər şəhid oldu", – deyə Nüsrət Həmidova söyləyib.
Şəhid anasının sözlərinə görə, oğlunu dəfələrlə yuxuda görüb:
"Hətta bir dəfə yuxuda gördüm ki, Mixail məni çağırır. "Nə istəyirsən?" dedim. Əli ilə mənə "4" göstərdi. Düşündüm ki, işarə etdiyi ailəsidir, onları mənə tapşırıb getdi”.
N.Həmidova qələbə xəbərini necə almaları barədə danışıb:
"Qələbəni eşidəndə bazarlığa getmişdik. Oğlumun qonaqları üçün ehsan süfrəsi açırdıq. Xəbər gələndə həm ağladıq, həm də güldük. Bütün şəhər ayağa qalxmışdı. Sevincimiz ona görə idi ki, şəhidlərimizin qisasları alındı, torpaqlarımız geri qayıtdı".