“Ağac uşaqların gözünə batsa, necə olacaq?!” | Qaraçuxur sakinləri hər gün ölümlə üz-üzə
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Muxtar Qasımlı küçəsində ağacların bir çoxu quruyub və aşmaq üzrədir.
Sakinlərin sözlərinə görə, daha əvvəl həmin ağaclardan birinin budağı avtomobilin üzərinə düşüb.
Yaxınlıqdakı Qəzənfər Əliyev və Zaur Şərifov küçələrində də vəziyyət eynidir.
“Avtomobili burada saxlamışdıq, budağın biri qırıldı, maşını pis günə qoydu”, – deyə sakin narazılığını dilə gətirib.
Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, aidiyyəti qurum tərəfindən verilmiş rəy olmadığından sözügedən ağacların kəsilməsi mümkün deyil.
Dövlət Ekoloji Ekspertiza Agentliyindən isə qeyd edilib ki, sözügedən ünvandan quruma müraciət daxil olmayıb.
Cavabda o da deyilir ki, Nazirlər Kabinetinin qərarına əsasən, qurumuş, qəzalı, xəstəliklərə yoluxmuş ağacların götürülməsi üçün vətəndaş torpaq mülkiyyətçisinə, yəni müvafiq mərkəzi, yerli icra hakimiyyəti orqanlarına və ya bələdiyyələrə, onlar da öz növbəsində rəy alınması üçün Agentliyə müraciət etməlidirlər.
