Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV
“Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır”.
Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib.
Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatların müqayisəsi və müştəri sorğularının cavablandırılması kimi işlər süni intellekt tərəfindən daha sürətlə icra oluna bilir:
"Məsələn, bir işçinin gördüyü on tapşırığın beşini süni intellekt icra edirsə, bu, həmin peşənin yox olması demək deyil. Əməkdaş qalan digər beş tapşırığa diqqət ayıra bilər".
A.Namazov vurğulayıb ki, o, gələcəyi peşələrin sıradan çıxması kimi deyil, onların mutasiyası kimi qiymətləndirir.
"Bu gün, sadəcə, sənəd hazırlayan şəxs sabah rəqəmsal prosesləri idarə edən əməkdaşa çevrilə bilər. Yaxud yalnız rəqəmləri daxil edən mühasib təcrübəli maliyyə analitiki, sosial şəbəkə üçün post hazırlayan marketoloq isə süni intellekt və data analitikası ilə işləyən mütəxəssis ola bilər. Əsas təhlükə peşələrin dəyişməsi deyil, insanların bu dəyişikliklərə uyğunlaşmamalarıdır", – deyə mütəxəssis əlavə edib.
