Fuad Zeynalov insident barədə hər şeyi danışdı | Ramal Aslanov sərbəst buraxıldı
Yanvarın 5-də Dövlət Sərhəd Xidməti mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalovla bağlı baş verən insidetin bəzi təfərrüatları məlum olub.
Baku TV-nin suallarını cavablandıran əməkdar məşqçi bu hadisənin bir neçə il əvvəldən qaynaqlandığını bildirib.
Onun sözlərinə görə, hadisənin sifarişçisi Kikboksinq Federasiyasının keçmiş birinci vitse-prezidenti Ramal Aslanovdur. Həmin şəxslə aralarında uzun müddətdir ki, soyuq münasibətlər olub:
“Bu məsələlər 2 ildir ki, qaynaqlanır. Axırıncı yarışda da yenə tərbiyəsizlik etdi, üzərimə iki nəfərlə hücum etdi”.
Fuad Zeynalov bildirib ki, yarışdan qayıtdıqdan sonra Ramal Aslanov bir neçə nəfər şəxslə hətta onun evinə hücum çəkib.
Əməkdar məşqçi məsələ ilə bağlı Azərbaycan Respublikasının qanunlarına güvəndiyini və hadisədə əli olan şəxslərin layiqli cəza alacaqlarına əmin olduğunu bildirib. Onun sözlərinə görə, hadisənin təşkilatçısı Ramal Aslanov cəzasız qalarsa, həmin mübahisələr yenidən təkrarlanacaq.
Qeyd edək ki, bəzi xəbər saytlarında Ramal Aslanovun insidentin sifarişini verən şəxs kimi saxlanıldığı xəbəri yayılsa da, adıçəkilən şəxs sonradan sərbəst buraxılıb.