Fuad Zeynalov hadisənin təfərrüatını açıqladı | İdmançılar həbs edildi
Dövlət Sərhəd Xidmətinin mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücum etməkdə ittiham edilən idmançılardan üçü məhkəməyə çıxarılıb.
Prosesə Xətai Rayon Məhkəməsində baxılıb. İnsidentdə iştirak edən kikboksçular – Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov cinayət məsuliyyətinə cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ilkin ittiham irəli sürülüb.
Məhkəmə prosesində prokuror təqsirləndirilən şəxslərin hər üçünün ilkin istintaq müddətində həbsini tələb edib. Hakim Fuad Axundovun qərarı ilə Elçin Hüseynov, Elnur Həmidov və Musa Əhmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Məsələ ilə bağlı Baku TV-nin suallarını cavablandıran zərərçəkən Fuad Zeynalov hadisənin gözləmədiyi anda baş verdiyini bildirib. Fuad Zeynalovun sözlərinə görə, paytaxtdakı restoranların birindən çıxan zaman onu izləyən bir neçə şəxsin hücumuna məruz qalıb. İdmançı bildirib ki, insident zamanı həmin şəxslərə idman fəndi ilə qarşılıq versə də, dəmir parçası ilə ona xəsarət yetirilib.
Əməkdar məşqçi məsələ ilə bağlı Azərbaycan Respublikasının qanunlarına arxalandığını və hadisədə əli olan şəxslərin qanun qarşısında cəza çəkəcəklərinə əmin olduğunu bildirib.