Bu yaşda olan şəxslər təhlükə altındadır | Həkimdən əhaliyə təcili xəbərdarlıq!
Həm ölkədə, həm də dünyada fərqli adlarla eyni simptomlu virusların yayılması ilə bağlı xəbərlər görürük. Çinin şimal əyalətlərindəki xəstəxanalarda əsasən uşaqların virusa yoluxduğu bildirilir.
Rusiyanın Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş ştatdankənar mütəxəssisi, professor Vladimir Çulanov 5 yaşa qədər uşaqlar və 65 yaşdan yuxarı şəxslərin risk altında olduğunu deyir. Həkim immun çatışmazlığı olanların metapnevmovirus infeksiyasını ağır keçirdiklərini söyləyir.
Həkim Adil Qeybulla bildirib ki, dünyada olduğu kimi, Azərbaycanda da epidemioloji vəziyyət qarışıqdır:
“Avropada COVID-19-un “Omikron“ ştamının mutasiya variantları geniş yayılıb. Azərbaycanda da insanlar COVID-19-a yoluxmağa davam edirlər”.
Səhiyyə Nazirliyindən bildirilib ki, sözügedən xəstəliklər üzrə qeyri-stabil epidemioloji vəziyyət Çin, Qazaxıstan və Rusiyada müşahidə olunur. Ölkə ərazisində epidemioloji vəziyyət nəzarətdədir.
Epidemik dövrdə qripin ştamlarının dövr etməsini müəyyən etmək üçün Nazirliyin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyasında xəstələrin burun-udlaq nahiyəsindən götürülən yaxmaların molekulyar üsulla müayinəsi aparılır.