Hövsan yolunda xaos | Əks zolağa çıxan sürücülər hərəkəti iflic etdi - Baku TV
Yollarda hər hansısa səbəbdən məhdudiyyət tətbiq edilə, təmir işləri aparıla və ya yol-nəqliyyat hadisələri baş verə bilər. Belə hallarda nəqliyyat sıxlığının yaranması təbiidir. Lakin təəssüf ki, bəzi sürücülərin “Mən keçim, qalanı gözləsin” düşüncəsi ilə əks istiqamətdə hərəkət zolağına çıxması, qarşıdan gələn nəqliyyat vasitələrinin yoluna daxil olması və yolayrıcında növbəni pozaraq irəli keçməsi yaranmış sıxlığın müddətini daha da artırır.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov məlumat verib.
O bildirib ki, belə hal ötən gün Suraxanı rayonu, Hövsan (MİDA) yolunda yaşanıb. Müşahidə kameralarının qeydə aldığı görüntülərdən də göründüyü kimi, bir qisim sürücü alternativ yol kimi istifadə etdikləri bu yolda əks zolağa çıxaraq qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Eyni zamanda irəlidə yolayrıcında bəzi sürücülərin qaydalara əməl etməməsi süni nəqliyyat sıxlığının yaranmasına səbəb olub. Nəticədə, Zığ şosesi-Hövsan, Hövsan-Zığ şosesi, “Kənd Hövsan” istiqamətlərində nəqliyyatın hərəkəti bir müddət dayanıb. Yol polisi əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində yaranan xaotik vəziyyət aradan qaldırılıb.
Ömər Xıdırov qeyd edib ki, bu cür halların baş verməməsi üçün sürücülər yalnız yol hərəkəti qaydalarına əməl etməklə kifayətlənməməli, digər hərəkət iştirakçılarına da hörmətlə yanaşmalıdırlar.
