İçərişəhərdə Şanlıurfa Mədəniyyət Günləri başlayıb - Baku TV
5–6 sentyabr tarixlərində Bakının tarixi İçərişəhər ərazisində “Tarixin qəlbi Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri” adlı ikigünlük proqram keçirilir.
Tədbir Azərbaycan ilə Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin, eləcə də xalqlarımız arasında tarixi və mədəni bağların daha da möhkəmləndirilməsinə xidmət edir.
Tədbir çərçivəsində Şanlıurfanın minilliklərə dayanan tarixi, folkloru, musiqisi və milli mətbəxi təqdim olunur. Sərgidə Göbeklitepe, Karahantepe kimi tarixi məkanların fotoları, rəsmləri və müxtəlif əl işləri nümayiş etdirilir.
Tədbirin ən maraqlı hissələrindən biri Şanlıurfanın zəngin milli mətbəxidir. Ziyarətçilər şəhərin özünəməxsus dadlarını yerindəcə kəşf etmək imkanı əldə edirlər.
Mədəni proqram musiqi və rəqslərlə davam edəcək. Daha sonra Şanlıurfanın ənənəvi “Sıra gecəsi” təşkil olunacaq.
