“Jurnalistləri çağıracağıq deyə qorxudan bunu edib” | Mənzil vədi niyə fiasko ilə bitdi? - Baku TV
Binəqədi və Mehdiabad qəsəbələrində mənzil almaq üçün külli miqdarda vəsait ödəyən vətəndaşlar çətin vəziyyətdə qalıb. Tikintini öhdəsinə götürənlər fərqli bəhanələrlə işləri yubadır, sakinləri nə mənzillə təmin edir, nə də pullarını geri qaytarırlar.
Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Şəhriyar Qasımov küçəsində bir neçə il əvvəl dördmərtəbəli yaşayış binalarının tikintisinə başlanılıb. Vətəndaşlar vaxtında ödəniş edərək bu binalardan mənzillər alsalar da, illər keçməsinə baxmayaraq, tikintinin başa çatmaması səbəbindən hələ də öz evlərinə köçə bilmirlər.
Bənzər mənzərə Mehdiabad qəsəbəsində də yaşanır. Burada beşmərtəbəli bina tikiləcəyi vədi ilə vətəndaşlardan böyük məbləğdə pullar yığılıb. Lakin aylar keçməsinə baxmayaraq, ərazidə heç bir tikinti aparılmayıb.
Zərərçəkmiş vətəndaşlardan biri qarşılaşdığı çətinliyi belə ifadə edib:
"Xırdalanda bir dənə evim var idi, onu da burada mənzil almaq üçün satdım. Biz buradan mənzil alanda yalnız bünövrə var idi. Tikib təhvil verəcəklərini dedilər. 87 min manat pul ödəmişəm, amma ortada heç nə yoxdur".
