Sosial şəbəkələrlə bağlı qəbul edilən yeni qanun nəyi dəyişəcək? - Baku TV
Sosial şəbəkələr artıq gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Təhsil, ünsiyyət və məlumat əldə etmək üçün geniş imkanlar yaradan bu platformalar eyni zamanda uşaqların fiziki və psixoloji inkişafı baxımından müəyyən risklər formalaşdırır. Məhz bu səbəbdən Milli Məclis sosial şəbəkələrdə uşaqların müdafiəsini gücləndirməyə yönəlmiş qanunvericilik dəyişikliklərini nəzərdə tutur. Yeni tənzimləmə yaşın yoxlanılması mexanizminin tətbiqini və azyaşlıların rəqəmsal mühitdə qorunmasını hədəfləyir.
Dəyişikliklərə əsasən, 16 yaşına çatmayan uşaqların müəyyən sosial şəbəkə platformalarında hesab yaratmasına icazə verilməyəcək. 16-18 yaş arası şəxslər isə yalnız valideyn razılığı ilə qeydiyyatdan keçə biləcəklər. Qanunun əsas məqsədi sosial şəbəkələrdə tam qadağa tətbiq etmək deyil, qeydiyyat zamanı yaşın yoxlanılması sistemini formalaşdırmaq və uşaqları zərərli məzmunların təsirindən qorumaqdır. Bu yanaşma dövlətin uşaqların sağlam inkişafı və təhlükəsiz informasiya mühitində böyüməsi istiqamətində həyata keçirdiyi sosial siyasətin davamı kimi qiymətləndirilir.
Paytaxt sakinləri də məsələyə münasibət bildirərək yeni qanun layihəsini müsbət qarşıladıqlarını qeyd ediblər.
“Mənim evimdə də azyaşlı var, telefondan ayırmaq olmur. Bu qərarla tamamilə razıyam”, – vətəndaşlardan biri söyləyib.
Digər bir sakin isə qeyd edib:
“Əlbəttə, bu qərar valideynlərin yükünü müəyyən qədər azaldır. Artıq valideynlər övladlarına görə əvvəlki kimi həyəcan və narahatlıq keçirməyəcəklər, çünki dövlət tərəfindən belə bir müdafiə sistemi qurulur”.
