Nərimanovdakı səki piyadalar üçün keçilməz oldu | Sakinlər şikayət edir - Baku TV
Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində piyadalar üçün nəzərdə tutulmuş səki yararsız vəziyyətə düşüb.
Belə ki, səkinin bir hissəsi zəbt olunaraq üzərinə beton tökülüb və dəmir hasarla bağlanıb. Digər hissəsi isə küçə işıqlandırılması üçün quraşdırılmış dirəklərlə tutulub ki, bu da piyadaların rahat və təhlükəsiz hərəkətinə maneə yaradır.
“Buradan keçmək çox çətindir. Ya aşağı düşüb avtomobillərin hərəkət etdiyi yola çıxmalıyam, ya da dar səkidə insanlarla toqquşmaq riski ilə üz-üzə qalıram”, – deyə sakinlərdən biri deyib.
Məsələ ilə əlaqədar “Bakı Şəhər İşığı” Elektrik Şəbəkələri Müəssisəsindən bildirilib ki, sözügedən ərazidə uzun illər əvvəl yolun genişləndirilməsi aparılıb və bu səbəbdən belə bir vəziyyət yaranıb.
Qeyd olunub ki, gələcəkdə piyada səkisinin genişləndirilməsi zamanı ərazidə yerləşən işıq dirəyinin dəyişdirilməsi nəzərdə tutulur.
