Yayılan şəkillər faktları təsdiqlədi | AZAL təyyarəsinin düşdüyü qəza ilə bağlı yeni xəbər
2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya düşən AZAL-a məxsus təyyarənin gövdəsinin fotoşəkilləri xarici hücuma dəlalət edir.
Eksklüziv görüntüləri “AnewZ” telekanalı təqdim edib.
Kadrlardan aydın olur ki, təyyarənin daxilini də əhatə edən görüntülərdə xarici təsirə uyğun gələn xəsarətlər var. Xüsusilə qəlpə izləri quşlarla toqquşma və ya qaz balonunun partlaması kimi ilkin versiyaları şübhə altına alır.
Azərbaycanın hökumət mənbələrinin məlumatına görə, ilkin araşdırma göstərir ki, təyyarə Qroznıya yaxınlaşarkən Rusiyanın hava hücumundan müdafiə sistemindən buraxılan raketlə vurulub.
Qeyd edək ki, daha əvvəl rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev xarici müdaxilə faktını təsdiqləyib, lakin onun sözlərinə görə, raketin növünü istintaq müəyyən edəcək. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev təyyarənin Rusiya ərazisi üzərində HHM sistemi tərəfindən qeyri-ixtiyari vurulduğunu bildirib. Prezident İlham Əliyev Rusiyadan günahın tam etiraf edilməsini, günahkarların cəzalandırılmasını, zərərçəkənlərə və onların ailələrinə kompensasiya ödənilməsini tələb edib. Araşdırma davam edir.