Kris Merfi Trampın İran siyasətini kəskin tənqid etdi
ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü, demokrat senator Kris Merfi Prezident Donald Trampın İran siyasətini kəskin tənqid edərək ABŞ-nin bu hərbi kampaniyada faktiki olaraq məğlub olduğunu bəyan edib.
3 aprel 2026-cı il tarixində yayımlanan bəyanatında senator Merfi Amerikanın nə hərbi, nə də strateji hədəflərinə çata bilmədiyini etiraf edib.
"Biz bu müharibəni uduzuruq" deyən senatorun sözlərinə görə, İranın nə raketlərini, nə pilotsuz uçuş aparatlarını, nə də nüvə proqramını tamamilə məhv etmək mümkündür.
Merfi vurğulayıb ki, hazırda İran regionda müharibədən əvvəlki dövrlə müqayisədə daha çox güc nümayiş etdirir, xüsusən də Hörmüz boğazı üzərində daimi nəzarəti ələ keçirməsi ABŞ-nin strateji məğlubiyyətidir.
Senator həmçinin Vaşinqtonu "olmayan milyardları" və amerikalıların həyatını dünyanı qeyri-sabitliyə sürükləyən bir müharibədə xərcləməkdə ittiham edərək ABŞ-nin beynəlxalq aləmdə "məsuliyyətsiz" göründüyünü bildirib.
