Epşteynin İsveçrə bankındakı milyonlarla dolları necə idarə olunub?
İsveçrənin iri maliyyə qurumu UBS bankı Gisleyn Maksvelin hesablarını illərlə idarə edib və amerikalı maliyyəçi Ceffri Epşteynin 2019-cu ildə həbsindən sonra da onun pullarının köçürülməsində iştirak edib.
Bu barədə "Reuters" ABŞ Ədliyyə Nazirliyinin ötən ay yaydığı sənədlərə istinadən məlumat yayıb.
Məlumata görə, UBS 2014-cü ildə "JPMorgan" bankının Epşteynlə əməkdaşlığı dayandırmasından bir neçə ay sonra Maksvel üçün şəxsi və biznes hesabları açıb və sonrakı illərdə onun 19 milyon dollara qədər vəsaitini idarə etməsinə kömək edib.
Sənədlər göstərir ki, bank Maksvelə iki fərdi menecer ayırıb və ona varlı müştərilər üçün nəzərdə tutulan xidmətlər təqdim edib.
Qeyd olunur ki, Maksvel 2020-ci ildə saxlanılıb və 2021-ci ildə Epşteynin yetkinlik yaşına çatmayan qızların cinsi istismarına yardım etməkdə təqsirli bilinərək məhkum edilib. Hazırda o, 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası çəkir.
Sənədlərə əsasən, UBS Maksvel üçün nağd pul, səhmlər və riskli investisiya fondlarına yatırımların saxlandığı hesablar açıb. 2014-cü ilin fevralına olan məlumata görə, onun UBS-dəki hesablarından birində təxminən 2 milyon dollar var idi.
Maksvel bank vasitəsilə müxtəlif köçürmələr həyata keçirib, o cümlədən 2016-cı ildə həyat yoldaşı Skott Borqersona 2,5 milyon dollar göndərilməsi üçün göstəriş verib.
"Reuters" yazır ki, 2019-cu il iyulun 22-də Epşteynin həbsindən cəmi 16 gün sonra UBS Maksvelin xahişi ilə onun əmanət hesabından cari hesabına 130 min dollar köçürüb. Bu vəsait "American Express" kredit kartı üzrə borcun ödənilməsi üçün istifadə olunub. Həmin ilin avqustunda isə bank Maksvel barədə Böyük Münsiflər Kollegiyasının sorğusunu alıb və FTB-yə pul köçürmələri ilə bağlı məlumat təqdim edib.
Sənədlərdə həmçinin bildirilir ki, Epşteyn və Maksvel uzun illər "JPMorgan" bankının müştəriləri olublar. Lakin "JPMorgan" 2011-ci ildə Maksveli Epşteynlə əlaqələrinə görə "yüksək riskli müştəri" kimi qeyd edib və 2013-cü ildə Epşteynin hesablarını bağlamaq qərarı verib. ABŞ-nin Vircin adaları hakimiyyətinin "JPMorgan"a qarşı qaldırdığı iddia üzrə bank 2023-cü ildə 75 milyon dollar məbləğində razılaşma yolu ilə işi bağlayıb.
UBS "Reuters"in suallarına cavab verməyib və Maksvelin vəkili də şərh üçün müraciətlərə reaksiya göstərməyib.
"Reuters" bankın Maksvelin hesablarını nə vaxt bağladığını və ya ümumiyyətlə bağlayıb-bağlamadığını dəqiqləşdirə bilməyib.
Тег #Ceffri Epşteyn используется
- Epşteyn qalmaqalının gerçək üzü: Qərblə bağlı gizli gerçəklər üzə çıxır? - Baku TV
- Morqan Maksuini niyə istefa verdi?
- Türkiyədə Epşteynin bənzəri tapıldı | Görünüşü ona problem yaratdı - Baku TV
- Adları açıqlanan şəxslər həbs ediləcək? - ANALİTİK BAXIŞ
- ABŞ-nin sabiq prezidenti "Epşteyn işi" ilə bağlı hər şeyin açıqlanmasını istədi - Baku TV CANLI
