Karlson Çinin Tayvanı işğal etmək niyyətini legitim sayır?
“ABŞ-nin Venesuelaya qarşı güc tətbiq etməsi Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını tənqid edən Qərb tənqidçilərini hər hansı bir arqumentdən məhrum edib”.
Bu fikri amerikalı jurnalist və ən populyar mühafizəkar şərhçilərdən biri olan Taker Karlson dünən onlayn proqramında bildirib.
O, hazırkı vəziyyətdə Ukraynaya qarşı müharibəyə başlamaq qərarına görə Rusiyanın tənqid edilməsinin çətin olduğuna əmindir.
“Söhbət sərhədində təhlükə ilə üzləşən böyük bir dövlətdən gedir və o özünü müdafiə etmək üçün tədbirlər görür”, – deyə Karlson vurğulayıb.
Ötən ilin fevralında Rusiya Prezidenti Vladimir Putinlə görüşəndən sonra hər ay bir neçə dəfə Rusiyaya rəğbət ifadə edən açıqlamalar verən jurnalist deyib ki, kollektiv Qərb Rusiyanın xüsusi hərbi əməliyyata başlamaq qərarının əsassız və haqsız olduğunu iddia edir, ancaq artıq bu arqument irəli sürülə bilməz.
T.Karlson deyib: “Niyə Rusiya kimi böyük bir dövlət özünü müdafiə etməməlidir?”.
O qeyd edib ki, bu, Tayvan ətrafındakı vəziyyətə və Çinin materik hissəsinin adaya iddialarına da aiddir. Bu, o anlama gəlir ki, Karlson Çinin Tayvanı işğal etmək niyyətini legitim sayır.
Jurnalist əlavə edib ki, Ukrayna böhranı məsələsində ABŞ dörd ildir ki, üçüncü tərəf vasitəsilə Rusiyaya qarşı müharibə aparır.
