Livanın paytaxtı yenidən bombalandı | HƏMAS komandiri öldürüldü - Baku TV
İsrailin Müdafiə Ordusunun xüsusi təyinatlı qüvvələri Livanın cənubunda "Hizbullah" silahlılarına qarşı əməliyyata başlayıb.
Bu barədə "Al-Hadath" telekanalı xəbər verib.
Qeyd olunub ki, paytaxt Beyrutun cənubuna zərbələr "Hizbullah"ın İsrailin şimalına raket hücumuna cavab olaraq endirilib. Nəticədə azı 2 nəfər həlak olub, 11 nəfər yaralanıb.
Ordunun mətbuat xidmətinin açıqlamasına görə, hücum barədə ABŞ tərəfi əvvəlcədən məlumatlandırılıb. İsrail hərbçiləri partlayıcı maddələri və təxribat qruplarını aşkarlamaq üçün robotlardan istifadə edib.
Bu arada, İsrailin Müdafiə Ordusu və xüsusi xidmət orqanı HƏMAS-ın "Nuhba" bölməsinin komandiri Zakar Əbu Kərimi zərərsizləşdirib.
"O, Qəzza zolağında müharibə boyunca İsrailin Müdafiə Ordusu qüvvələrinə qarşı terror əməliyyatları təşkil edib və həyata keçirib. Bu yaxınlarda atəşkəs müqaviləsini pozub, evində çoxlu sayda silah saxlayıb, təşkilatı yenidən qurmağa və gələcək hücumlara hazırlıq üçün təlimlər keçirməyə çalışıb", – deyə bəyanatda bildirilib.
Onunla bərabər daha bir neçə nəfərin öldürüldüyü vurğulanıb.
