Qərb Tehrana qarşı sanksiyaları ləğv edir?
"ABŞ və İran arasında hərbi əməliyyatlar tamamilə bitsə belə, Avropa İttifaqı İran əleyhinə sanksiyaları ləğv etməyi planlaşdırmır. Tehran əvvəlcə kütləvi qırğın silahlarından imtina etməli və insan haqlarına hörmət etməlidir".
Bunu Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bəyan edib.
"İrana qarşı iki sanksiya mexanizmimiz var və bunlar iki məsələyə yönəlib: insan haqlarının pozulması və kütləvi qırğın silahları. Biz bu məsələlərin hər birində İranın davranışında real dəyişiklik əldə etməliyik və yalnız bundan sonra sanksiyalar ləğv edilə bilər", – deyə diplomat əlavə edib.
Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas isə qeyd edib ki, Avropa İttifaqının xarici işlər nazirləri İran ətrafında atəşkəsin İsrailin indiyə qədər qoşunlarını geri çəkməkdən imtina etdiyi Livana da şamil edilməsinin tərəfdarıdırlar.
ABŞ-nin vitse-prezidenti Cey Di Vens isə vurğulayıb ki, Ağ Ev rəhbəri Donald Tramp ABŞ-İran münasibətlərindəki 47 illik böhranın fəsadlarını aradan qaldırmağa çalışır, lakin bu prosesin uğuru Tehranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır olmasından asılıdır.
O həmçinin qeyd edib ki, əldə olunan razılaşma İran üçün beynəlxalq ictimaiyyətlə tamhüquqlu iqtisadi əməkdaşlığa qayıtmaq imkanı yaradır.
