Zelenskidən Ukrayna ilə bağlı vacib çağırış
"Rusiya Ukraynaya qarşı müharibənin tempini azaltmır, eyni zamanda, qlobal sabitliyin pozulmasına gətirib çıxaran digər bir münaqişənin uzadılmasına da açıq şəkildə dəstək verir".
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında bildirib.
"Son bir həftə ərzində Rusiya Silahlı Qüvvələri şəhərlərimizə və icmalarımıza qarşı 3000-dən çox zərbə dronu tətbiq edib və onların əhəmiyyətli hissəsi "Şahed"lərdir. Həmçinin 1450-dən çox idarəolunan aviabomba və müxtəlif tipli daha 40 raketdən istifadə olunub. Onlar müharibənin tempini aşağı salmır, eyni zamanda, qlobal sabitliyin pozulmasına gətirib çıxaran digər bir müharibənin uzadılmasına da açıq şəkildə yatırım edirlər", – deyə paylaşımda vurğulanıb.
Zelenskinin sözlərinə görə, Ukrayna ərazisinə zərbələr faktiki olaraq Yaxın Şərq və körfəz ölkələrinə endirilən eyni zərbə dronları ilə həyata keçirilir. O, təhlükəsizliyin möhkəmləndirilməsi üçün region ölkələrini silah istehsalı sahəsində əməkdaşlığa çağırıb.
Bu arada, Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri Moskva, Leninqrad vilayətləri, eləcə də Qara dəniz üzərində 203 Ukrayna PUA-sını zərərsizləşdirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Leninqraddakı Ust-Luqa limanı dron zərbəsi nəticəsində zərər görüb.
