Avtomobil idxalındakı tendensiyalar yenidən qiymətləndiriləcək - Baku TV
“2025-ci ildə Azərbaycana 68 mindən çox hibrid avtomobil idxal olunub. Həmin dövrdə istehsal tarixi 3 ili keçməyən və mühərrik həcmi 2500 kubsantimetrdən az olan hibrid nəqliyyat vasitələrinə müəyyən gömrük və vergi güzəştləri tətbiq edilirdi. Elektrik avtomobillərinin idxalında isə ötən il təxminən 2 min ədəd göstərici qeydə alınıb. Lakin güzəştlərin müddətinin başa çatmasından sonra bazarda azalma müşahidə olunur. Belə ki, 2026-cı ilin ilk 5 ayında ölkəyə gətirilən elektrik avtomobillərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən iki dəfə azalıb”.
Bu fikirləri Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov “Reporta”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, azalma əsasən güzəştlərin ləğv edilməsi ilə bağlıdır. Bununla yanaşı, əvvəlki dövrdə vətəndaşların güzəşt imkanlarından geniş istifadə etməsi də idxalın tempinə təsir göstərib.
“Bu ilin ilk 5 ayında hibrid və elektrik avtomobillərinin idxalından dövlət büdcəsinə 12 milyon manatdan artıq gömrük ödənişi daxil olub. Bu isə nəqliyyat vasitələrinin sayında azalma müşahidə olunmasına baxmayaraq, büdcə daxilolmalarının artdığını göstərir”, – deyə komitə sədri əlavə edib.
O sonda diqqətə çatdırıb ki, 2026-ci ilin sonuna qədər bazardakı dinamikanın necə dəyişəcəyini proqnozlaşdırmaq hələ tezdir. Hazırda yeni güzəştlərin tətbiqi ilə bağlı konkret qərar yoxdur. Bununla belə, ilin yekunları əsasında avtomobil idxalındakı tendensiyalar yenidən qiymətləndiriləcək.
