BP və SOCAR arasındakı əməkdaşlıqla bağlı məlumatlar açıqlandı - Baku TV
BP şirkəti "Azəri-Çıraq-Günəşli" neft yatağının və "Şahdəniz" qaz yatağının operatoru kimi bu gün platformalardakı qazma qurğularının əməliyyatları və texniki xidmət işləri üzrə "Turan Drilling & Engineering Company" ilə müqavilənin yeniləndiyini elan edib.
"BP-Azerbaijan"ın yaydığı məlumata görə, yenilənmiş müqavilə Xəzər dənizində BP-nin idarə etdiyi 8 neft və qaz hasilatı platformasının istismar əməliyyatları və texniki xidmət işlərini əhatə edir.
Qeyd edilib ki, yenilənmiş müqavilə BP-nin SOCAR ilə sıx əməkdaşlıq edərək Xəzərdəki ehtiyatların daha səmərəli və rəqabətədavamlı şəkildə işlənməsinə dair biznes məqsədinə uyğundur.
BP-nin quyular üzrə vitse-prezidenti Rassel Morris deyib ki, SOCAR-ın Xəzərə dair dərin biliklərini və regionun qazma sənayesindəki aparıcı mövqeyini özündə birləşdirən bir şirkətlə əməkdaşlığın davam edəcəyindən məmnundur.
Vurğulayıb ki, yeni müqavilə BP-nin əməliyyatların təhlükəsiz, səmərəli şəkildə və qlobal sənaye standartlarına uyğun aparılması üzrə öhdəliklərini dəstəkləyəcək.
"Turan Drilling & Engineering Company" SOCAR AQŞ və ABŞ-nin "Helmerich & Payne" şirkətinin birgə müəssisəsidir.
