Pərviz Şahbazov İndoneziyanın Azərbaycandakı səfiri ilə nələri müzakirə etdi? - Baku TV
Energetika naziri Pərviz Şahbazovla İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Berlian Helmi arasında görüş keçirilib.
Görüşdə enerji təhlükəsizliyi çərçivəsində Azərbaycandan İndoneziyaya xam neft tədarükünün davam etdirilməsi, neft-qaz sahəsində birgə kəşfiyyat və hasilat layihələrində iştirak, həmçinin neft məhsulları və neft-qaz emalı sahələrində SOCAR və “Pertamina” şirkətləri arasında əməkdaşlıq əlaqələrinin inkişafına diqqət yetirilib.
Hər iki ölkənin bərpaolunan enerji resurslarının inkişafı üçün mühüm potensiala malik olduğu vurğulanıb, külək və günəş enerjisi layihələri, tullantıdan enerji istehsalı texnologiyalarının tətbiqi, eləcə də biokütlə əsaslı enerji istehsalı üzrə əməkdaşlıq imkanları qeyd edilib.
Görüş zamanı enerji sektorunda dövlət qurumları ilə yanaşı, özəl sektorun da əməkdaşlıq prosesinə fəal şəkildə cəlb edilməsinin vacibliyi bildirilib. Enerji sahəsində İşçi Qrupunun ilk iclasının yaxın vaxtlarda keçirilməsi razılaşdırılıb.
