Yaşar Gülər Kərim Vəliyevlə "Atəş sərbəst-2025" təlimini izlədi
Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın növbəti nümunəsi olaraq, Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər və Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev "Atəş Sərbəst-2025" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə birgə iştirak ediblər. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına əsasən, Kərim Vəliyev qardaş ölkəyə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Səlcuq Bayraktaroğlunun xüsusi dəvəti ilə səfər edib. Təlim zamanı nazir Yaşar Gülər iştirakçı şəxsi heyətlə görüşərək fərqlənən hərbi qulluqçuları təbrik edib. Səfər çərçivəsində Ankarada keçirilən görüşdə iki ölkənin hərbi əməkdaşlığının gələcəyi və maraq doğuran digər regional məsələlər ətrafında geniş müzakirələr aparılıb.
