Əli Əsədov Qazaxıstanın Baş naziri ilə nələri müzakirə etdi?
Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib ki, hökumət başçıları dekabrın 25-də baş verən təyyarə qəzası ilə əlaqədar bir-birilərinə, həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.
Baş nazir Əli Əsədov qəza baş verdikdən dərhal sonra axtarış-xilasetmə əməliyyatının həyata keçirilməsində yüksək operativlik göstərdiyinə və hadisə ilə bağlı bütün məsələlərdə yaxından dəstək verdiyinə görə Qazaxıstan tərəfinə təşəkkür edib.
Qazaxıstanın Baş naziri Oljas Bektenov da öz növbəsində Azərbaycanın Astanadakı səfirliyini ziyarət etdiyini, qəza nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar dərin hüznlə başsağlığı verdiyini deyib.
Telefon danışığı zamanı qəza nəticəsində xəsarət alanlara və yaralananlara Azərbaycan və Qazaxıstanın aidiyyəti qurumları tərəfindən göstərilən çevik cavab tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda hadisənin başvermə səbəblərinin araşdırılması ilə bağlı cinayət işi üzrə birgə aparılan istintaqın gedişi müzakirə olunub.