Fransa bu dəfə Azərbaycana qarşı görün nəyə əl atdı | Böhtan dolu “sənədli film”
Ermənistanı özünə bacı seçən, sanki arxasında durmağı özünə borc bilən Fransa Azərbaycana qarşı təxribatlarını davam etdirir.
Azərbaycan əleyhinə yalan materiallar hazırlamaqla tanınan “Arte TV” kanalı bu dəfə yalnız obyektivlikdən kənar deyil, həm də heç bir əxlaq normasına və insanlığa sığmayan, saxta “sənədli film” hazırlayıb.
“Ermənistan: Hadisələrin mərkəzində” adlı başdan-ayağa bizə qarşı böhtan olan “sənədli film”in ilk dəqiqələri 90-cı illərdə Birinci Qarabağ müharibəsi zamanı ermənilərin guya “deportasiya”sına həsr olunub. Həqiqətdə isə ermənilər yox, azərbaycanlılar dədə-baba yurdlarından sürgün ediliblər. Körpə, yaşlı, qadın demədən vəhşicəsinə öldürülüblər.
Maraq doğuran məqam odur ki, filmdə “ermənilərin deport olunması” kimi təqdim etdikləri kadrlar Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlıların öz yurd-yuvasından didərgin düşməsini əks etdirən görüntülərdir.
2023-cü ildə Xankəndidə Vətən müharibəsində əldə olunan zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parada toxunan müəllif öz iddialarında bildirir ki, Azərbaycan qələbəsini qeyd etdiyi zaman Rusiya, Türkiyə, İran, ABŞ və Avropa İttifaqı birləşərək Azərbaycanın yanında dayanıb.
Ardınca ermənilərin qondarma tarixi kimi elə qondarma eksperti olan Riçard Kirakosyan guya azərbaycanlıların 90-cı illərdə “məzlum ermənilər”ə verdiyi “zülmlər”dən danışıb.
R.Kirakosyan daha da irəliyə gedərək deyib ki, Türkiyə və Azərbaycan eyni vəhşilikləri edə bilən qardaş millətlərdir. Gülünc iddiaların davam etdiyi filmdə bildirilir ki, guya 1923-cü ildə Stalin erməni torpağı olan Qarabağı Azərbaycan Sovet Respublikasına hədiyyə edib və ermənilərin sıx məskunlaşdığı ərazilər Azərbaycanın nəzarətinə keçib.
Lakin elə filmdəcə Avropa Parlamentinin sabiq fransalı nümayəndəsi Natali Luazo Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi vədi yerinə yetirərək işğalda olan torpaqları azad etdiyi fikrinin yer alması ilə özləri öz yalanlarını ifşa etmiş olduğunu göstərir. Yəni Qarabağın əzəli Azərbaycan torpağı olduğunu sübut etmiş olublar.
Zəngəzur dəhlizi məsələsinə toxunan fransızlar filmdə vurğulayıblar ki, qardaş ölkə olan Azərbaycan və Türkiyəni birləşdirən daha bir məqam Zəngəzur dəhlizidir. Baxmayaraq ki, bu dəhlizə nəzarəti Azərbaycan reallaşdıracaq. Bu hissədə vurğulanan Türk dünyasının birləşdirmək planları da nəzərdən qaçmayıb.
Fransanın Azərbaycana qarşı açıq-aşkar böhtanlarla dolu hazırladığı “sənədli film” noyabr ayının əvvəllərində internet resurslarında yayılıb. Azərbaycanlıların filmə qəti etirazından və şərh bölməsində faktlarla dolu yazılarından sonra materiala giriş Azərbaycandan bloklanıb. Azərbaycandan başqa bütün ölkələr üçün film açıq saxlanılıb. Bu isə o deməkdir ki, filmi ərsəyə gətirənlər ifşa olunduqlarını anlayıblar.