Azad olunmuş torpaqlarda ilk buraxılış imtahanı keçirildi
Dövlət İmtahan Mərkəzi martın 3-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. Bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, imtahan 30 şəhər və rayonda təşkil olunub. İmtahanda 52 267 şagirdin iştirakı nəzərdə tutulurdu.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 222 imtahan binası, 3 941 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 222 ümumi imtahan rəhbəri, 610 imtahan rəhbəri, 4 899 nəzarətçi, 676 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 222 bina nümayəndəsi ayrılıb.
Çilov adasında yerləşən məktəbə imtahan rəhbəri və materialların daşınması "Azneft" İstehsalat Birliyinin helikopteri vasitəsilə həyata keçirilib.
Qeyd edilib ki, martın 3-ü Ağdərə rayon Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilib. Bu Dövlət İmtahan Mərkəzinin işğaldan azad olunan Ağdərə rayonunda təşkil etdiyi ilk imtahan idi.
İmtahanda ümumilikdə 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə fərdi nəzarətçilər təyin edilib.
İlkin məlumatlara əsasən, iki nəfərdə mobil telefon, bir nəfərdə isə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunan hallarla bağlı araşdırma aparılır.