AZAL təyyarəsinin “hərbiyə aid hissəsi” gizli saxlanılır | Detallar üzə çıxdı
Qroznıda AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmanın “hərbiyə aid hissəsi” gizliləşdirilib.
Bu barədə Rusiyanın "ВЧК-ОГПУ" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin və Komitənin mərkəzi aparatının təcrübəli müstəntiqlərinin Çeçenistan Respublikasına səfərinə baxmayaraq, əslində, hərbçilərlə bağlı bütün istintaq hərəkətləri Rusiya İstintaq Komitəsinin Çeçenistanda yerləşən 505-ci Hərbi İstintaq Şöbəsi müstəntiqləri tərəfindən həyata keçirilir.
“Təyyarəyə raket zərbələri endirən “Pantsir” döyüş maşınının ekipajı şöbə rəisi tərəfindən dindirilib. Ezam edilmiş müstəntiqlərə gəlincə, onların bəziləri Aktauya gedib, orada onlara qəza yerində işləmək üçün icazə verilib, bəziləri isə Qroznıda işləyir. Onlar dispetçeri və aerodromun uçuş rəhbərini dindiriblər. Hələlik istintaqın dispetçərə və uçuş rəhbərinə sualları yoxdur.
Təyyarə qəzasına təsir göstərə bilən digər halların təhlili də aparılır. Məsələn GPS texnologiyası geniş yayılmazdan əvvəl təyyarələrin enişi CGS sistemindən istifadə edilərək həyata keçirilirdi. Bu üsul hələ də geniş yayılıb və bütün dünyada istifadə olunur, lakin nədənsə Qroznı hava limanında aparılan genişmiqyaslı yenidənqurma zamanı bu sistem sökülüb”, – deyə Rusiya mənbəsi vurğulayıb.