"Bilmirəm, savadsızdırlar, ya hövsələləri çatmır..." | Sosial şəbəkələrdə cinsiyyət təyin edilir?
Sosial şəbəkələrdə tez-tez qarşımıza çıxan, müxtəlif tarixlərə əsasən uşağın cinsiyyətini hesablamağı vəd edən səhifələr bir çox insanda suallar yaradır.
Bəs doğrudanmı, bir neçə tarixi qeyd etməklə körpənin cinsiyyətini əvvəlcədən müəyyənləşdirmək mümkündür?
Psixoterapevt Elmir Əkbərin sözlərinə görə, bu cür səhifələrə müraciət edən insanların bir qismi yalnız uşağın cinsiyyətini öyrənmək deyil, həm də gələcəkdə dünyaya gələcək övladlarını əvvəlcədən planlaşdırmaq istəyir.
O bu cür yanaşmanı cəhalət adlandıraraq bildirib ki, uşağın cinsiyyətinin müəyyənləşdirilməsini planetlərin mövqeyi, təqvim tarixləri, həftənin günləri və ya saatlarla əlaqələndirmək elmi əsaslara söykənmir.
“Yenə də əsrlər boyu davam edən o cəhalət... Uşağın cinsini seçmək istəyinin belə bir üsulu da, mən deyərdim, cahillikdir. Təəssüf, artıq onilliklərdir ki, bütün dünya bilir: uşağın oğlan və ya qız olması atadan asılıdır. Bizdə isə indi bunu hansısa planetlərin düzülüşü, gün, tarix, həftənin günləri və saatlarla əlaqələndirirlər.
Bu, diskriminasiyadır. Abortlara yol açan istiqamətlərdən biridir. Bu tip səhifələr qız uşağı olacağı təqdirdə aborta üz tuta biləcək insanlar üçün nəzərdə tutulub. Təbii ki, bu da cəhalətdir. Belə niyyətləri olan cahil insanların üzərindən biznes quran hiyləgərlər var”, – deyə Elmir Əkbər bildirib.
Qeyd edək ki, uşağın cinsiyyətini müxtəlif təqvim tarixləri və ya həftənin günləri əsasında əvvəlcədən müəyyənləşdirmək mümkün deyil. Bioloji cinsiyyət mayalanma zamanı formalaşır və əsasən spermatozoidin daşıdığı cinsiyyət xromosomundan asılıdır.
#Abort teqi istifadə olunub
- Abort statistikasında diqqətçəkən artım | Ekspert nələri açıqladı? - Baku TV
- Dəhşətli hadisənin pərdəarxası | 24 yaşlı hamilə harada abort etdirib? - Baku TV CANLI
- "Bircə gördüm ki, qanayır" | 24 yaşlı hamilənin ölümündə kim günahkardır? - Baku TV
- Bakıda 24 yaşlı hamilənin faciəvi ölümü
- "Heç bir xəstəliyi olmayıb" | 27 yaşlı qadın abortdan sonra öldü - Baku TV
