Dövlət sifarişli təhsil yerlərinin sayı 38 mini ötüb | Əmək bazarının tələbləri dəyişir? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda 2026-2027-ci tədris ili üçün 38 mindən çox dövlət sifarişli təhsil yeri ayrılıb.
İqtisadiyyat nazirinin müavini Azər Bayramovun sözlərinə görə, son beş ildə ödənişsiz yerlərin qəbul planındakı payı 50 faizə yaxınlaşıb.
Dövlət hesabına təhsil imkanlarının genişləndirilməsi gənclər üçün yeni perspektivlər açsa da, ayrılan yerlərin əmək bazarının tələblərinə uyğunluğu və məzunların gələcək məşğulluğu məsələsi aktuallığını qoruyur.
Təhsil eksperti Məzahir Məmmədli hesab edir ki, dövlət sifarişli yerlərin artırılması müsbət addımdır. Lakin bu imkanların real nəticə verməsi üçün əmək bazarının ehtiyacları əvvəlcədən araşdırılmalıdır:
“Bu gün əmək bazarını düzgün təhlil etsək və təhsil sahəsində atılan addımları həmin tələblərə uyğunlaşdıra bilsək, layihə uğurlu olacaq. Universitetlərin karyera mərkəzləri tələbələrin potensialını və əmək bazarına uyğunluğunu araşdırmalı, onların gələcək məşğulluğuna dəstək göstərməlidir”.
Ekspertin fikrincə, xüsusilə informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, mühəndislik və tibb sahələri üzrə mütəxəssis hazırlığına diqqət artırılmalıdır. Bunun üçün universitetlərlə işəgötürənlər arasında əməkdaşlıq gücləndirilməli, tələbələr hələ təhsil aldıqları müddətdə müəssisələrlə əlaqələndirilməlidir:
“Dövlət sifarişli yerlərin sayı artırsa, universitetlərin qarşısında da əmək bazarının tələblərini ödəmək öhdəliyi qoyulmalıdır. Şirkətlər universitetlərlə indidən əməkdaşlığa başlamalı, fərqlənən tələbələri müəyyənləşdirməli, onların inkişafına və peşəkar hazırlığına dəstək verməlidir”.
#Məzahir Məmmədli teqi istifadə olunub
