Futbol üzrə şimal birinciliyinə yekun vuruldu | Xaçmazdan görüntülər
Xaçmazda Milli Qəhrəman Yavər Şahbazovun və şəhidlərimizin xatirəsinə həsr edilən futbol üzrə Şimal birinciliyinə yekun vurulub.
Birincilikdə rayonun müxtəlif qəsəbə və kəndlərini təmsil edən 22 komanda ilə yanaşı, Quba və Qusardan olan komandalar da iştirak edib. Ümumilikdə 24 komanda qalib adı uğrunda mübarizə aparıb.
Bir aya yaxındır davam edən yarışın final qarşılaşmasında Xaçmazın “Qoçaqlı” və Qusarın “Şirvanovka” komandaları üz-üzə gəlib. Qoçaqlı kənd stadionunda keçirilən final matçını Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, rayon rəsmiləri, şəhid ailələri, qazilər və rayon sakinləri izləyib.
Beş minə yaxın tamaşaçının iştirakı ilə keçirilən qarşılaşmada “Qoçaqlı” komandası turnirin qalibi olub. Qalib komandaya medal, kubok və mükafatlar təqdim olunub.
Bağlanış mərasimində çıxış edən icra başçısı Elnur Rzayev belə yarışların gələcək nəslin sağlam və vətənvərpər ruhda böyüməsində xüsusi önəm daşıdığını qeyd edib.