"Gecə basqın edirdilər" | Türklərə qarşı etnik təmizləmənin olduğu Əbilkəndin əsrlərə uzanan tarixi
Əbilkənd — Rusiya imperiyası dövründə İrəvan qəzasının tərkibində olan, tarixi mənbələrdə Abilkənd, Əbilkənd, Abulkənd və Əbülkənd adları ilə qeyd edilən kənddir.
XIX–XX əsrin əvvəllərinə aid sənədlər kənd əhalisinin əsasən, yaxud tamamilə azərbaycanlıların əcdadlarından ibarət olduğunu göstərir.
1829–1832-ci illərin kameral təsvirinə görə, kənddə 85 nəfər, 1897-ci ildə 234 nəfər, 1914-cü ildə isə 376 nəfər yaşayırdı.
1918–1920-ci illərdə bölgədə baş verən qarşıdurmalar və etnik təmizləmə nəticəsində kənd dağıdılıb. Sovet hakimiyyətinin qurulmasından sonra azərbaycanlı əhali kəndə qayıtmağa başlayıb.
1948–1953-cü illərdə Ermənistan SSR-dən azərbaycanlıların deportasiyası zamanı kənd sakinlərinin bir hissəsi Azərbaycan SSR-ə köçürülüb. Buna baxmayaraq, azərbaycanlı əhali 1980-ci illərin sonlarına qədər kənddə yaşamağa davam edib.
1988-ci ildə Ermənistan SSR-də azərbaycanlıların kütləvi qovulması nəticəsində Əbilkənd sakinləri də kəndi tərk etməyə məcbur olublar.
Kəndin adı sovet dövründə Əbilkənd, Əblkənd, Bulaxlı, Bulaqlı, Bulaxlar və Kalinin kimi müxtəlif formalarda işlədilib. 1991-ci ildə isə Noramarq olaraq dəyişdirilib.
2021–2024-cü illərdə aparılan sahə tədqiqatları zamanı kənd ərazisində dağıdılmış onlarla qəbirüstü abidənin qaldığı azərbaycanlı qəbiristanlığı aşkar edilib.
Bu videoda Əbilkəndin tarixi, demoqrafik dəyişiklikləri və günümüzə qədər gəlib çatmış maddi irsi haqqında məlumat verilir.
