Hava kəskin dəyişir | Yol polisindən sürücülərə xəbərdarlıq
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı həftəsonu səfərə çıxan sürücülərə və digər hərəkət iştirakçılarına mövcud hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
DYP hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağışlı hava şəraitinin hökm sürdüyünü və bunun da yollarda qəza riskinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərdiyini qeyd edib.
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu avtomobil yollarında nəqliyyat axınının artacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də sərnişin daşıma fəaliyyəti göstərən sürücüləri qeyri-sabit hava şəraitində daha diqqətli olmağa, sürət həddini nəzarətdə saxlamağa, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
Qeyd olunan hava şəraitinin xüsusilə ikitəkərli, o cümlədən moped, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin idarə edilməsində çətinliklər yaratdığını nəzərə alaraq, belə nəqliyyat vasitələrindən mümkün qədər az istifadə olunması tövsiyə edilir.