İmkanlı dayı səfalət içində | Bit-birə bədənimi yeyib, yatağıma xlor tökürəm - ARZUNUN VAXTI
“Arzunun vaxtı” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayının müsahibi kimsəsiz Nəriman kişi olub.
Baxımsız daxmada yaşayan Nəriman kişi burada üzləşdiyi çətinliklərdən bəhs edib:
“Döşəmənin altından çıxan qırxayaqlar, böcəklər məni dişləyir. Yatdığım yerə xlor tökürəm ki, həşəratlar hücum etməsin. Xlor təsir etməyəndə maşın yağı ilə ayaqlarımı yağlayıb yatıram ki, birələr gəlməsin. Burada ölsəm, heç bir il qapımı açan olmayacaq”.
Dörd dəfə ailə quran Nəriman kişi söyləyib ki, pis arvadla yaşamaqdansa, tək qalmaq daha yaxşıdır:
“Əvvəllər imkanım yaxşı idi. 100 sot torpağım olub. Özümə sex, ev tikmişəm. Kamçatkada hərbi xidmətdə olmuşam. Orada da bir rus qadınla ailə həyatı qurdum və iki oğlum dünyaya gəldi. Sonra Azərbaycana qayıtdım.
Qayınatam dedi ki, get, ev al, sonra ailəni də özünlə apararsan. Gəlib gördüm ki, anam pis vəziyyətdədir. Onu buraxıb qayıda bilmədim. Yoldaşıma vəziyyəti izah etdim və dedim ki, uşaqları da götürüb gəlsin. Amma razı olmadı, dedi ki, valideynlərimi buraxıb gələ bilmərəm. Bununla da yoldaşımla yollarımı ayırdım”
Daha sonra gürcüstanlı xanımla ailə qurduğunu söyləyən Nəriman kişi ondan da ayrıldığını deyib:
“Anama baxmadı, başıma oyun açdı. Sonra başqa qadınla birlikdə yaşadıq. Mənə dedi ki, ərimə zəhər verib öldürmüşəm. Bunu eşidəndən sonra ürəyim qırıldı. Onunla da yollarımı ayırdım. Qəlbim elə qırılıb ki, yaxşı həyat yoldaşı mənə qismət olmadı. Bəxtim bu həyatda gətirməyib”.