Küçədə emalatxana quran "Dəri Rauf"un lüks yerlərdən imtina səbəbi | ARZUNUN VAXTI
“Arzunun vaxtı” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayının müsahibi pinəçi və dəri ustası Rauf Muxtarov olub.
Küçədə emalatxana quran R.Muxtarov burada işləməyin onun üçün rahat olduğunu bildirib:
“Qapalı yerdə ürəyim sıxıldığı üçün işimi küçədə görürəm. Bu işə sıfırdan yox, mənfidən başlamışam. Çalışdığım daha lüks yerlər də olub ki, orada özümü rahat hiss etməmişəm. Amma küçədə rahatlıqla işimi görə bilirəm. Qardaşım dülgər olub. Bu işlərə onun yanında köməkçi olaraq başlamışam. Eyni zamanda stresli həyatım da var idi, problemlər üst-üstə yığılırdı. Hətta bu problemlər o həddə çatmışdı ki, ölmək istəyirdim”.
R.Muxtarov Aprel döyüşlərində iştirak etməsindən bəhs edib. O, döyüşlər zamanı şəhid olmağı arzulayırmış:
“Döyüşlər bitəndən sonra isə düşündüm ki, şəhid olmaq qismət olmadı, deməli, həyatda hələ missiyalarım var. Hərbi xidmətdən qayıtdıqdan sonra beynimdə ideyalarım çox idi, lakin maddiyyat səbəbindən onları reallaşdıra bilmirdim. Kasıb ailənin uşağı olmaq insanı çərçivəyə salır. Hələ özümü uğur qazanmış hesab etmirəm, amma yoluma davam edirəm”.
Dəri ustası zamanında həyatında sevdiyi xanımın olduğunu, lakin maddiyyata görə münasibətinin alınmadığını deyib:
“Məncə, xəyalların 70 faizi maddi vəziyyətdən asılıdır. Bu iş mənə zövq verir. Gəlirim az olsa da, istədiyim yerə çatana kimi işimə davam edəcəyəm”.