Peyini tökmüsən ora, iydən otura bilmirik… | Sakinləri fermadan gələn qoxu canından bezdirdi
Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu ünvanında broyler toyuqların saxlanıldığı ferma sakinləri canından bezdirib.
Vətəndaşlar fermadan gələn qoxunun onları narahat etdiyini bildiriblər:
“Qoxudan yaşaya bilmirik. Evə gələn-gedən olmur. Beş dəqiqə həyətdə oturub bir stəkan çay içə bilmirik. Belə şey olmaz”.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, sakinlərin şikayəti əsasında sözügedən əraziyə baxış keçirilib və orada sahibkar tərəfindən fermada toyuq saxlanıldığı müəyyən edilib:
“Sahibkara ərazidə yaşayan sakinlərin narazılığı çatdırılıb və səliqə-səhmanın yaradılması tövsiyə olunub. Sahibkar sakinlərlə razılaşaraq bu fəaliyyətini 40 gün müddətində dayandıracağını bildirib”.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, fermaya baxış keçirilən zaman təsərrüfatın qida təhlükəsizliyi qeydiyyatına alınmadan və sanitar-gigiyenik qaydalara əməl olunmadan fəaliyyət göstərdiyi müəyyən edilib:
“Bununla yanaşı, ərazidə yığılan tullantıların müvafiq qaydada vaxtında kənarlaşdırılmadığı, təsərrüfatda dezinseksiya tədbirlərinin aparılmadığı, quşların üzərində aparılan profilaktik tədbirlərlə bağlı qeydlərin olmadığı müəyyənləşib. Araşdırma davam edir, təsərrüfatda aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək”.