“Qol-qıçları qırılır, “skoru” gəlmir” - Əhali narazıdır | “Qurumlar deyir ki, pul yoxdur” - Baku TV
Abşeron rayonunun Masazır qəsəbəsində sakinlər yol problemindən şikayətlənirlər.
Cantəpə yaşayış massivinin Nəsimi küçəsində yaşayan sakinlərin sözlərinə görə, küçə Masazırı Binəqədi rayonu ilə birləşdirən alternativ yollardan biri olsa da, uzun illərdir təmiri tam başa çatdırılmayıb.
Ərazidə aparılan müşahidə zamanı küçənin bir hissəsinin asfaltlandığı, digər hissəsinin isə torpaq yol olaraq qaldığı məlum olub.
Sakinlər bildirirlər ki, yolu müəyyən qədər yararlı vəziyyətə gətirmək üçün dəfələrlə öz vəsaitləri hesabına işlər görüblər. Lakin bu, problemi tam həll etməyib.
Onların sözlərinə görə, yağışlı havalarda küçədə çökəkliklərdə su və palçıq yığılır. Bəzi hallarda yağış suları həyətlərə dolur. Yay aylarında isə torpaq yoldan qalxan toz sakinlərin gündəlik həyatını çətinləşdirir.
Sakinlər vurğulayıblar ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciətlər edilib. Onlara küçənin asfaltlanacağı bildirilsə də, sonradan maliyyə çatışmazlığı səbəbindən işlərin təxirə salındığı deyilib.
