"Məndə olan hündürboy adamlarda yoxdur" - "Söz atıb "balaca kişi" deyirlər" - ARZUNUN VAXTI
“Arzunun vaxtı” verilişinin növbəti buraxılışının qəhrəmanı əlilliyi olan İbrahim Qasımov olub.
Kasıb ailədə böyüdüyünü söyləyən İbrahim uşaq yaşlarından qarşılaşdığı çətinliklərə baxmayaraq, bu gün zəhməti ilə özünə biznes qurduğunu söyləyib:
“Özümlə fəxr edirəm. Çünki sahib olduğum hər şeyi halal zəhmətimlə qazanmışam. 13 yaşından işləyirəm. İndi həm işim var, həm də ailə sahibiyəm. Elə hündürboylu insanlar var ki, mənim sahib olduqlarım onlarda yoxdur”.
İbrahim Qasımov balacaboy olduğu üçün bəzən insanların məsxərəsinə tuş gəldiyini bildirib:
“Boyum 125 santimetrdir. Uşaqlar məni görəndə “balacaboy kişiyə bax” deyirlər. Onları uşaq olduqları üçün qınamıram, amma bu cür davranan böyüklər də var. Həmin şəxslər başqalarına hörmət etməyi bacarmırlar”.
İ.Qasımov deyir ki, bəstəboy olduğu üçün həyat yoldaşının ailəsi onların evliliyinə qarşı çıxıb:
“Elə düşünürdülər ki, boyum balacadır deyə özümə baxa bilmirəm. Qızlarını imkanlı biri ilə evləndirmək istəyirdilər. Sonra mənim də imkanlı olduğumu görəndə peşman oldular. İndi yoldaşıma görmədiyi həyatı yaşadıram”.
