"Sistemin altından yarımçıq düşürdülər" | Motosikletlə doğuşa son anda çatdırılan qadın - Baku TV
Samux rayonunun Çobanabdallı kəndindən olan ailə problemlə üzləşdiyini iddia edir.
Ailə başçısı Emin Mustafayev bildirib ki, həyat yoldaşını Samux Rayon Mərkəzi Xəstəxanasına aparıb, lakin doğuş üçün hazırlanan qadına sonradan xidmət göstərilməkdən imtina olunub.
Onun sözlərinə görə, təcili yardım ayrılmadığı üçün həyat yoldaşını motosikletlə Gəncəyə aparmalı olub:
“Doğuş üçün Samux Rayon Mərkəzi Xəstəxanasına müraciət etdik, amma bizi qəbul etmədilər. Təcili yardım da ayrılmadı. Həyat yoldaşımı motosikletlə Gəncə Perinatal Mərkəzinə apardım. Burada bizi yaxşı qarşıladılar və altıncı övladımız dünyaya gəldi”.
Qadın isə qeyd edib ki, Samux Rayon Mərkəzi Xəstəxanasında əməliyyata hazırlıq görülsə də, proses yarımçıq dayandırılıb:
“Məni əməliyyata hazırladılar, sistem qoşdular. Sonra prosesi yarımçıq saxlayıb xəstəxanadan göndərdilər. Təcili yardım olmadığı üçün Gəncəyə motosikletlə getməli oldum. Vəziyyətim çox ağır idi”.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, Samux Rayon Mərkəzi Xəstəxanasında hamilə qadının müayinəyə cəlb edilməməsi iddiaları həqiqəti əks etdirmir və tərəflər arasında müvəqqəti anlaşılmazlıq yaranıb:
“Sözügedən vətəndaş əvvəlcə Gəncə Perinatal Mərkəzində ultrasəs müayinəsindən keçib və ona baş gəlişi diaqnozu təyin edilib. Daha sonra həmin vətəndaş Samux Rayon Mərkəzi Xəstəxanasına müraciət edərək həkim-cərrah-ginekoloq tərəfindən müayinə prosesinə cəlb edilib. Müayinə zamanı dölün köndələn vəziyyətdə olduğu müəyyən edilib. Qadının altıncı hamiləliyi olduğu üçün əməliyyat prosesinə hazırlıq görülüb. Vətəndaş əməliyyatdan imtina edərək öz razılığı və istəyi ilə Gəncə Perinatal Mərkəzinə müraciət edib. Yaranmış anlaşılmazlıq aradan qaldırılıb”.
#Samux Rayon Mərkəzi Xəstəxanası teqi istifadə olunub
